Azərbaycan Respublikası Milli Məclisinə 7 noyabr 2010-cu ildə azad və ədalətli seçkilərin keçirilməsi üçün siyasi partiyalar və deputatlığa namizədlərin
Davranış Qaydaları Toplusu
Giriş
Azad və ədalətli seçkilər demokratiyanın təməl dəyərlərindən biri olmaqla seçki iştirakçılarının öz iradələrini azad, bərabər və qanuni qaydada ifadə etmək hüququnun tanınmasını nəzərdə tutur. Azad seçki mühiti hər bir namizədə sərbəst kampaniya azadlığı və hər bir seçiciyə sərbəst seçim hüququnun verilməsini təmin edir.
Biz, 7 noyabr 2010-cu ildə Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi partiyalar, seçki blokları və deputatlığa namizədlər, Milli Məclisə seçkilərlə bağlı qarşıdakı mərhələlərdə bu Davranış Qaydaları Toplusundan birgə istifadə etməklə bağlı aşağıdakı razılığa gəlirik:
- Bu Toplu heç bir movcud qaydaları, o cümlədən Seçki Məcəlləsində nəzərdə tutulmuş hər hansı müddəanı əvəz etmir. Eyni zamanda bu sənəd Azərbaycan seçki sistemində mövcud çatışmazlıqlar və əvvəllər keçirilmiş seçkilərdə qeydə alınmış problemlərə diqqət yetirməyə kömək edir.
- Biz inanırıq ki, bu sənəd azad və ədalətli seçkilərin keçirilməsinə yardım edəcək.
- Biz bir-birimizə və ölkəmizin insanlarına söz verir və əmin edirik ki, bu sənədin icrasını yaxından müşahidə edəcək və fəal şəkildə təbliğ edəcəyik.
- Biz Davranış Qaydaları Toplusunun tam şəkildə tətbiq olunması üçün aşağıdakı öhdəlikləri qəbul edirik:
Qanunun Aliliyi
1. Partiyalar, seçki blokları, namizədlər və onların tərəfdarları Azərbaycan Respublikasının seçkilərlə bağlı bütün qanun və qaydalarına əməl edəcək, qanunun aliliyini dəstəkləyəcək. Qanunun aliliyi məhkəmə sisteminin müstəqilliyi və ədalətli mühakimə hüququnun peşəkar qaydada əməl olunmasına yönəlir. Eyni zamanda məhkəmə sistemi də bizim tam dəstəyimizi alacaq.
2. Bütün partiyalar, seçki blokları, namizədlər və onların tərəfdarları qanun qarşısında bərabar tərəflərdirlər. Bu baxımdan partiyalar, seçki blokları və namizədlər seçkiqabağı təşviqat dövründə aşağıdakı istiqamətlərdə fəaliyyəti qəbul edirlər:
- Partiyalar, seçki blokları və namizədlər dövlət vəsaitləri və inzibati resurlardan (ofislər, avtomibillər və s.) seçki məqsədləri üçün istifadə etməməlidirlər.
- Seçki kampaniyası ərzində heç bir namizəd heç bir xüsusi inkişaf lahiyəsindən istifadə etməməlidir.
- Dövlət büdcəsindən maliyyələşən televiziyaların partiyalar, seçki blokları və namizədlər üçün ədalətli və bərabər çıxış imkanları yaradacağına, məlumatlarda dəqiqliyi və siyasi tərəfsizliyi qoruyacağına ümid edirik.
- Partiyalar, seçki blokları və namizədlər özəl kütləvi informasiya vasitələrində dəqiqlik, tərəfsizlik və balansı qorumaq üçün mövcüd vasitələrdən istifadə etmək üçün lazımi addımlar atmaq öhdəliklərini götürürlər.
- Partiyalar, seçki blokları və namizədlər Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları ilə yaxından əməkdaşlıq edəcək və seçki komissiyalarına öz dəstəyini göstərəcək. Bununla belə MSK və digər seçki komissiyalarının tamamilə tərəfsizlik və aşkarlıq şəraitində fəaliyyət göstərəcəyinə ümid edilir.
- Seçkilər dövründə polis və prokorurluq orqanlarının qanuna uyğun və tərəfsiz hərəkət edəcəklərinə ümid edilir.
Seçkilərin Təşkili
1. Partiyalar, seçki blokları və namizədlər azad və ədalətli seçkiləri, siyasi plüralizmi və dözümlülük mühitini təbliğ etmək barədə öhdəlik götürürlər. Bu öhdəliklərə daxildir:
- Bu sənədin ictimaiyyətə geniş təqdimatını təşkil etmək
- Seçicilərin məlumatlandırılması və fəallığını təbliğ etmək
- Səsvermənin gizlililiyini təbliğ etmək
- Öz tərəfdarları və nümayəndələrini bu sənəddə nəzərdə tutulan öhdəliklər barədə təlimatlandırmaq
2. Partiyalar, seçki blokları və namizədlər istənilən siyasi təzyiq və ya hədələri qınayacaq, həmçinin seçki iştirakçılarına (seçicilər, namizədlər, namizədlərin vəkil edilmiş nümayəndələri, müşahidəçilər və seçki komissiyaları üzvləri) qarşı zorakılıq və hədələri pisləyəcəklər.
3. Partiyalar, seçki blokları və namizədlər seçki günü ərzində, ondan öncə və sonra bütün növ saxtakarlıqların qarşısını almaq üçün mümkün olan hər bir addımı atacaqlar.
4. Heç bir partiya və ya namizəd seçkilərdə dəstək qazanmaq üçün maddi mükafatlar və şirnikləndirici təkliflərlə çıxış etməməlidir.
5. Partiyalar, seçki blokları və namizədlər heç bir digər partiya, seçki bloku və namizəd əleyhinə böhtan və təhqiredici ifadələrdən istifadə etməməlidir.
6. Partiyalar və namizədlər digər partiya və namizədlərin elan və plakatlarını məhv etməməli və ya zərər vurmamalıdır. Onlar öz opponentlərinin simvolları, rəngləri və ya adlarından istifadə etməməlidirlər.
7. Partiyalar və namizədlər öz rəqiblərinin seçilmək hüququna –bütün seçicilərə çıxış əldə etmək, seçicilərin maarifləndirilməsinin təşkili, maliyyə axtarmaq, yeni tərəfdarlar cəlb etmək, müxtəlif məsələləri araşdırmaq hüquqlarına əngəl törədə biləcək heç bir fəaliyyətlə məşğul olmamalıdırlar.
8. Partiyalar, seçki blokları və namizədlər qadınların seçki prosesinin bütün mərhələlərində tam iştirakına kömək etməli, qadınları hər hansı bir siyasi partiya və ya namizədə dəstək olmağa məcbur etməkdən çəkinməli, qadınların azad seçiminə qarşı olan hər hansı fəaliyyəti qınamalıdır.
9. Partiyalar, seçki blokları və namizədlər bu sənədin icrasını müzakirə etmək üçün istənilən vaxt milli və yerli səviyyədə görüşlər keçirməyi qərara ala bilərlər. Bu sənədin icrasına ictimai nəzarət yerli müşahidəçilərə, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDT) tanınacaq.
10. Namizədlərin seçki xərcləri və MSK-nın seçkilərin təşkili ilə bağlı xərcləri Seçki Məcəlləsi və digər normativ aktlara əsasən dərc olunmalıdır.
11. Partiyalar, seçki blokları və namizədlər parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyası və digər seçki komissiyalarının elan etdiyi nəticələri qəbul etmədikdə, ictimaiyyətə öz narazılığını əsaslandırılmış qaydada bildirəcəklər. Bununla belə partiyalar, seçki blokları və namizədlər bir-birinin seçki huquqlarının pozulmasına dair şikayət hüququna hörmətlə yanaşacaq, yerli məhkəmələr və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına hörmət edəcəklər.
Qeyd: SMDT bu sənədin siyasi partiya və seçki blokları tərəfindən ayrıca imzalanmasıni deyil, qeydiyyata alınmış namizədlər tərəfindən qəbul edilməsi və imzalanmasını təklif edir. SMDT hesab edir ki, siyasi partiya rəhbərlərinin bu (yaxud səlahiyyətli şəxslərinin) bu sənədi deputatlığa namizəd kimi imzalanması həmin siyasi partiyanın bu sənədi qəbul etməsi kimi anlaşılacaq.
Bu sənədi qeydiyyatdan keçmiş deputatlığa namizədlər SMDT-nin İnternet səhifəsinə daxil olub – www.smdt.az imzalaya bilərlər. Bu barədə məlumat SMDT-yə daxil olduqdan sonra həmin şəxslərlə telefonla əlaqə saxlanılacaq və məlumat dəqiqləşdiriləcək.
|